Son xəbərlər

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

azermarka
azermarka 198

2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz onun təşəbbüsü ilə yaradılıb.

Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən poçt markası dövriyyəyə buraxılıb.

Zərifə Əliyevaya həsr olunmuş xatirə markası bir markadan ibarət blok şəklində hazırlanıb və Belarus Respublikasının “Bobruisk Integrated Printing House” mətbəəsində 4000 tirajla çap edilib. Poçt blokunun tərtibatında rəng psixologiyasına da xüsusi diqqət yetirilib. Rənglərin simvolikasında yaşıl rəngin bir çox pozitiv mənaları var və ən əsası da həyat, sağlamlıq, xoşbəxtlik, harmoniya və mənəvi zənginliyi ifadə edir.

Markanın dizaynının müəllifi Nəriman Məmmədzadədir.