Son xəbərlər

Aprel döyüşlərinin 3 illiyinə həsr edilən poçt markaları təqdim olunub

azermarka
azermarka 1373

Aprelin 3-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən "Aprel döyüşləri - 2016. Lələtəpə" adlı poçt markaları və birinci gün zərflərinin təqdimatına həsr edilən tədbir keçirilib.

Tədbirdə 100 ədəd birinci gün zərfi xüsusi hazırlanmış xatirə ştempeli ilə möhürlənərək satışa çıxarılıb.

Nazirliyin təşəbbüsü və "Zəfər" İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın iştirakı ilə hazırlanmış markalar işğal olunmuş Dağlıq Qarabağ ərazisində 2016-cı il aprelin 1-5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş vermiş döyüşlərin 3 illiyinə həsr edilib.

Markaların buraxılmasında əsas məqsəd Azərbaycan ordusunun işğal olunmuş ərazilərdəki uğurlu əməliyyatlardan biri sayılan Aprel döyüşlərində yüksək şücaət nümayiş etdirərək, Vətən uğrunda canından keçmiş zabit və əsgərlərin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdır. Markanın üzərində qrafik şəkildə hərbi kamuflyaj fonunda Aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələtəpə yüksəkliyi, təpənin üzərində Azərbaycan bayrağı təsvir olunub.

Səkkiz markadan ibarət kiçik vərəq şəklində hazırlanmış markaların rəssamı Nəriman Məmmədzadədir. Markalar Belarus Respublikasının Bobruysk şəhərində, A.T.Nepoqodin adına mətbəədə 24 min tirajla çap olunub. Bir markanın ölçüsü 40×28 millimetr, vərəqin ölçüsü 98×130 millimetrdir.