Filateliya xəbərləri

Öz markamı necə sifariş verim?

azermarka
azermarka 0

Son illər “Azərmarka” tərəfindən təqdim olunan müxtəlif xidmət və məhsullar arasında ən çox maraq doğuranlardan biri də şəxsləndirilmiş markalardır. Ölkəmizdə nisbətən yeni məhsul sayılan bu markalar böyük həvəslə qarşılansa da, eyni zamanda çoxlu suallar da doğurur.

Bəs “şəxsləndirilmiş marka” nədir və onu ənənvi poçt ödəniş vasitəsi olan markadan nə fərqləndirir?

“Azərmarka” komandası olaraq bu məqalədə yarana biləcək bütün suallara aydınlıq gətirməyə çalışacağıq.

Dünya təcrübəsində necədir?

1 sentyabr 1999-cu ildə Avstraliya poçtu dünyada ilk dəfə rəsmən şəxsləndirilmiş markalar (Personalised Stamps) buraxdı. Personal Greetings (“Şəxsi təbriklər”) adlandırılan bu markalar 6 mövzuya həsr olunmuşdu: “Ad günün mübarək” (Happy Birthday), “Milad bayramın mübarək” (Happy Christmas), “Yeni doğulmuş körpə” (New Baby), “Səni düşünürəm” (Thinking of You), “Təbriklər və xoş arzular” (Congratulations and Greetings). Markanın sağ tərəfindəki kuponda ya sifarişçinin təqdim etdiyi foto çap olunurdu, ya da olduğu kimi (kalliqrafik şriftlə yazılmış yazı) saxlanılırdı.

Həmin ilin 19-24 mart tarixləri arasından Avstraliyanın Melburn şəhərində keçirilmiş Ümumdünya poçt markaları sərgisində (World Stamp Expo) şəxsləndirilmiş markalar üçün ayrıca köşk təşkil olunmuşdu. Bu xəbər sərgi iştirakçıları arasında ildırım sürəti ilə yayıldı və tezliklə köşkün qarşısında uzun növbə düzülmüşdü. İnsanlar 1999-cu ilin mart ayında dövriyyəyə buraxılmış “Avstraliyanın yelkənli gəmiləri” seriyasına daxil olan 45 sent dəyərindəki “Polli Vudsayd” (Polly Woodside) markasının yanında yerləşən kuponda öz şəkillərini görmək üçün səbrsizlənirdilər.

Bundan sonra şəxsləndirilmiş markaların hazırlanması təcrübəsi Finlandiya, Avstriya, İngiltərə və digər ölkələrdə də geniş yayılmağa başladı.

“Şəxsləndirilmiş marka” Azərbaycanda

Ölkəmizdə şəxsləndirilmiş marka ilk dəfə 23-26 noyabr 2010-cu il tarixində keçirilmiş “Bakutel-2010” – XVI telekommunikasiya və informasiya texnologiyaları sərgisində təqdim edilmişdi. Bu illər ərzində “Azərmarka” tərəfindən ən müxtəlif mövzularda yüzlərlə belə marka hazırlanıb.

Necə sifariş verməliyəm?

Şəxsləndirilmiş markaları sifariş vermək üçün “Azərmarka” ilə 012 598 49 01 nömrəli telefon, yaxud da info@azermarka.az e-mail ünvanı vasitəsilə əlaqə saxlamaq lazımdır. Sifariş qəbul edildiyi gündən 3-7 iş günü ərzində markalar sifarişçiyə təhvil verilir. Bir marka vərəqinin qiyməti tərtibatından və sayından asılı olaraq dəyişdiyindən, hər sifarişin dəyəri müştəri ilə ayrıca razılaşdırlır.