Tarix və bu gün

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən  “Azərpoçt” MMC-nin əsas fəaliyyət istiqamətlərindən biri  Dövlət Poçt Ödəniş Nişanlarının (DPÖN) – poçt markaları, markalı zərflər, poçt kartları – nəşri və dövriyyəyə buraxılmasından ibarətdir. Bundan başqa, MMC tərəfindən bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin  kolleksiya obyektləri sayılan digər məhsullar hazırlanır. Həmçinin, buraxılan mallar sırasına açıqcalar, müxtəlif suvenirlər və s. daxildir.

Müstəqil Azərbaycan Respublikasının poçt markaları tarixi 1919-cu ildən başlayır. Həmin ilin iyun ayında ADR hökuməti tərəfindən poçt markalarının buraxılması haqqında qərar qəbul edildi və oktyabrın 20-dən başlayaraq dövriyyəyə ilk poçt markaları buraxıldı. 1920-ci ildən 1923-cü ilədək Azərbaycan ərazisində Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası, 1923-1992-ci illər ərzində isə SSRİ-nin poçt markalarından istifadə olunub.

“Azərpoçt” MMC tərəfindən buraxılan məhsullarda Azərbaycan Respublikasının zəngin tarixi, mədəniyyəti, ölkənin ərazisində yaşayan xalqların mədəni və tarixi irsi, görkəmli şəxsiyyətlərin həyatı, ölkə daxilində və beynəlxalq arenada baş verən mühüm hadisələr, Vətənimizin rəngarəng heyvan və bitki aləmi əks olunur. Xüsusi diqqət məhsulların həm bədii tərtibatına, həm də mətbəə işi sahəsidindəki yeni texnonologiyaların tətbiqinə ayrılır.  

“Azərpoçt”-un Marka şöbəsi həm yerli, həm də xarici sərgilərin aktiv iştirakçısıdır. Bu tip tədbirlər həm təcrübə mübadiləsi, həm də Azərbaycan markalarının dünyada tanıdılması, ölkəmizin təbliğatı baxımından müstəsna əhəmiyyət kəsb edir.

“Azərpoçt”-un aparıcı fəaliyyət istiqamətlərindən biri Azərbaycan filateliyasının inkişafı, müasir tələblərə uyğunlaşdırılmasıdır. Bu baxımdan, MMC ilə Azərbaycan Filatelistlər İttifaqı arasında sıx əməkdaşlıq mövcuddur.