Poçt markaları

Uzun Həsən 600 il

Dövriyyəyə buraxıldığı tarix: 01.11.2023
Kataloq №:1914
Nominal: 1.50 M
Blokun ölçüsü: 155x85 mm
Markaların ölçüsü: 52x37 mm
Tiraj: 4000 blok
Perforasiya: Çərçivəli
Dizayner: Zöhrə Babayeva
Çap olunub: Bobruisk İntegrated Printing House, Bobruysk şəhəri, Belarus
Satış qiyməti: 1.50 M

Ağqoyunlu hökmdarı Uzun Həsənin mərkəzləşmiş dövlət quruculuğunda fəaliyyətinin ən mühüm mərhələlərindən biri onun “Qanun-namə” qanunlar toplusunun tərtib etməsi. XV əsrdə müsəlman Şərqi dövlətlərində həyat şəriət qanunları, adət və törə qaydaları, həmçinin Çingiz xanın “Yası” qanunları ilə tənzimlənirdi. Bu isə vilayət rəhbərlərinin və yerli feodalların müəyyən məqamları öz mənafelərinə uyğun şərh etmələrinə şərait yaratmış və faktiki olaraq qanunsuzluq üçün imkan yaradırdı. Uzun Həsən çox gözəl başa düşürdü ki, hərbi qələbələr hesabına yaratdığı imperiya müxtəlif dinlər və adət-ənənələri olan xalqları əhatə edir. Onları vahid dövlətdə birləşdirmək üçün vahid qanunlar toplusu lazım idi.
Uzun Həsən Azərbaycan tarixində vahid qanunlar toplusu yaradan ilk hökmdardır. XV əsr tarixçisi Qiyasi yazırdı: “Uzun Həsən əhalinin bütün mübahisə və şikayətlərini həll etmək üçün “Qanunnamə”ni tərtib etmişdir. Sultan “Qanunnaməni” icra etmək üçün dövlətin bütün vilayətlərinə göndərdi”. Qanunlar toplusu o qədər uğurlu alındı ki, sonralar Osmanlı sultanı I Süleyman (1520 - 1566) öz qanunlarını tərtib edərkən ondan istifadə etdi. Səfəvilər dövlətində I Şah İsmayıl (1501-1524) “Qanunnamə”yə bəzi dəyişikliklər və əlavələr etmiş və Səfəvilərdə Uzun Həsənin qanunları I Şah Təhmasibin qanunlar toplusu qüvvəyə minən 1557-ci ilə qədər tətbiq edilmişdir.

azermarka