Poçt markaları

Azərbaycan – Belarus birgə buraxılışı. Xalq sənəti (Azərbaycan bloku)

Dövriyyəyə buraxıldığı tarix: 28.11.2023
Kataloq №:1915
Nominal: 0.50 M
Vərəqin ölçüsü: 95x95 mm
Markaların ölçüsü: 37.2x37.2 mm
Tiraj: 4000
Perforasiya: başdan-başa
Dizayner: Günel İsgəndərova
Çap olunub: Bobruisk İntegrated Printing House, Bobruysk şəhəri, Belarus
Satış qiyməti: 2.00 M

“Lahıcın misgərlik sənəti” 30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Azərbaycanda xalq sənətkarlığının dərin və zəngin ənənələri mövcuddur, və misgərlik sənəti də istisna deyil. Azərbaycanda misgərlik sənəti ilə məşğul olunan ayrıca küçələr deyil, ayrıca misgərlik şəhəri də olmuşdur. Belə şəhərlərdən biri Şamaxı xanlığına daxil olan Lahıc idi. Lahıc dağlıq qəsəbəsi Böyük Qafqazın cənub yamacında 1375 metr hündürlükdə yerləşir və özünəməxsus simasını saxlamaqla, qədim şəhər quruculuğu və memarlıq sənətinin orijinal abidəsi kimi “Böyük İpək Yolu” Beynəlxalq Turist marşrutuna daxil edilmiş XIV-XV əsrlərin dövlət tarixi-mədəni qoruğu statusuna malikdir.
Lahıc Azərbaycanın misgərlik krallığı, qədim sənətlər mərkəzidir. Lahıcın mis qab-qacağı həm yerli sakinlərin evlərində, həm də muzeylərdə özünə layiqli yer tapmışdır. Məsələn, Luvrda bu qab-qacaqlar nümayiş olunur. Berlində Azərbaycan silah hazırlayanların ornamentlərlə bəzədilmiş tüfəng, qılınc və xəncərləri sərgilənir.
Lahıcda mis istehsalı əsasən Ağalı məhəlləsində idi, hər iki tərəfindən küçə keçirdi və çox sayda mis emalatxanaları , “misgər bazarı” var idi. Hazırlanmış mis məmulatları burada satılırdı, emalatxanalar həm də bir növ mağaza funksiyasını yerinə yetirirdi. XIX əsrdə Lahıcın misgər emalatxanalarının sayı ilə bağlı Qafqazda kustar istehsal tədqiqatlarında göstərilir ki, belə emalatxana-mağazaların sayı 200-dən çox idi.
Lahıc misgərlik sənətinin UNESCO-nun siyahısına daxil edilməsi Azərbaycan xalqının qədim mədəniyyət ənənələrinin qorunub saxlanmasına, gələcək nəsillərə ötürülməsinə, eləcə də qədim qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verəcəkdir.

azermarka