Son xəbərlər

Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib

azermarka
azermarka3

20 sentyabr 2024-cü il tarixində “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neftçilərə təbrik məktubunun mətnini oxuyub.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti neft-qaz sənayemizin inkişafına, neftçilərə göstərilən davamlı dəstəyə görə Prezident İlham Əliyevə neftçilər adından minnətdarlığını ifadə edib.

Rövşən Nəcəf Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi, enerji strategiyasının müəllifi Heydər Əliyevin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi”nin neft-qaz sənayesində əldə olunan uğurların təməlini qoyduğunu, ölkəmizin davamlı və dayanıqlı sosial-iqtisadi tərəqqisinə, beynəlxalq mövqelərinin gücləndirilməsinə əlverişli zəmin yaratdığını bildirib.

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Neftçilər Günü və “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin imzalanmasının 30 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirakdan böyük şərəf duyduğunu ifadə edib. Vitse-prezident Azərbaycanın 20 sentyabr 1994-cü il tarixindən etibarən qazanılan uğurlar sayəsində dünyanın neft istehsal edən qlobal enerji təchizatçılarından birinə çevrildiyini bildirib.

Milyonlarla insanın enerji təhlükəsizliyində “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının rolundan bəhs edən Q.Birrel bu Sazişin Azərbaycana və bütün regiona iqtisadi firavanlıq gətirdiyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib. Zərflər SOCAR-ın prezidenti Rövşən Nəcəf, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz tərəfindən möhürlənib.