Son xəbərlər

Səfir: Qandinin 150 illiyi münasibətilə marka buraxılması Azərbaycanın Hindistana böyük jestidir

azermarka
azermarka1733

İyul ayının 26-da Bakıda Hindistanın siyasi və ruhani lideri, dünyaca məşhur siyasətçi və filosof Mahatma Qandinin anadan olmasının 150 illyi münasibətilə tədavülə buraxılmış poçt markasının təqdimatı mərasimi keçirildi. Mərasimdə Hindistanın Azərbaycandakı səfiri cənab Bavitlunq Vanlalvavna, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC-nin direktoru xanım Leyla Güləliyeva, diplomatik korpusun nümayəndələri, Azərbaycanın dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin və Bakıdakı Hindistan icmasının üzvləri iştirak etdi.

Tədbirdə çıxış edən səfir Vanlalvavna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə və “Azərmarka”ya Mahatma Qandiyə göstərilən böyük ehtiram üçün təşəkkür etdi. O, qeyd etdi ki, Azərbaycan hökumətinin bu jesti Hindistan və Azərbaycan arasında mövcud olan güclü tarixi və mədəni bağları daha da möhkəmləndirəcək.

Daha sonra söz alan xanım L.Güləliyeva vurğuladı ki, M.Qandinin dünyasının dəyişməsindən keçən 71 il ərzində 90-dan çox ölkədə onun xatirəsinə həsr edilmiş poçt markaları buraxılıb: “Bugün, 26 iyul 2019-cu il tarixində “Mahatma Qandi-150” markasını tədavülə buraxmaqla Azərbaycan da həmin ölkələr sırasına qoşulmuş olur”.

Tədbirdə qeyd olundu ki, poçt markası ilə yanaşı, həmçinin Birinci gün zərfləri və xüsusi xatirə ştempeli də hazırlanıb.

Daha sonra cənab Bavitlunq Vanlalvavna və xanım Leyla Güləliyeva Birinci gün zərflərini xatirə möhürü ilə möhürlədilər. Bununla da “Mahatma Qandi-150” poçt markaları və Birinci zərfləri tədavülə buraxıldı.

Markalar vərəq şəklində (bir vərəqdə 20 (5x4) ədəd marka) hazırlanıb. Markanın ölçüsü 28x40 mm, vərəqin ölçüsü 170x200 mm-dir. Dizayneri Nəriman Məmmədzadə olan poçt markaları Belarus Respublikasında ofset üsulu ilə, 20 000 tirajla çap edilib. Birinci gün zərflərinin sayı isə 500 ədəddir.