Son xəbərlər

“Azərmarka” “Bakutel-2019” sərgisində

azermarka
azermarka1496

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə nümayiş etdirilən digər pavilyonlarla yanaşı, “Azərmarka” MMC-nin stendinə də baxıblar.

“Azərmarka”nın direktoru Leyla Güləliyeva dövlətimizin başçısına və birinci xanıma stenddə nümayiş etdirilən məhsullar barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, 20 oktyabr 1919-cu ildə dövriyyəyə buraxılmış Azərbaycanın ilk poçt markasının bu il 100 yaşı tamam olur. Bu münasibətlə bu ildən etirabən “Azərmarka” tərəfindən “Azərbaycan” adlı markalı kitablar seriyasının hazırlanmasına başlanılıb. Həmin seriyadan ilk kitab Naxçıvana həsr olunub. Peşəkar fotoqraf Emil Xəlilovun fotolarından ibarət kitab Muxtar Respublikanın flora və faunası, adibələri, memarlığı, ziyarətgahlarına həsr olunub. Kitaba 54 adda müxtəlif marka daxildir.

Daha sonra dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adıçəkilən markalardan hazırlanmış Birinci gün zərflərini xüsusi xatirə ştempeli ilə möhürlədilər.

Qeyd edək ki, “Bakutel-2019” sərgisində “Azərmarka” tərəfindən təqdim olunan digər yenilik “Azərbaycan və Belarusun birgə buraxılışı. Xalq nağılları” mövsuzunda buraxılmış poçt markaları üçün hazırlanmış artırılmış reallıq tətbiqidir. Buraxılış bir ədəd 4 markadan ibarət blok, 2 ədəd eyni sayda markadan ibarət kiçik vərəq şəklində hazırlanaraq, Belarus Respublikasının Bobruysk şəhərində 5000 ədəd blok və hər vərəqdən 5000 ədəd tirajla çap edilib. Markalarda Azərbaycan xalq nağılı “Məlikməmməd” və Belarus xalq nağılı “Qızıl quş”dan (bel. – “Залаты птах”) səhnələr təsvir edilib.

“3 alma” adlı tətbiqi sabahdan etibarən həm Google Play, həm də Apple Store mağazalarından pulsuz yükləmək mümkün olacaq. Tətbiqi işə saldıqdan sonra, smartfonun kamerasını “Məlikməmməd” markasının üzərində fokuslamaq lazımdır. Nəticədə səsli 3D animasiya işə düşür.

Birgə buraxılış markaları 3 dekabr 2019-cu il tarixindən dövriyyəyə buraxılıb.