“ADR-100” adlı poçt bloku qran-priyə layiq görülüb
25 may 2018-ci ildə “Azərmarka” tərəfindən dövriyyəyə buraxılmış “Azərbaycan Demokratik Respublikası-100 il” adlı poçt bloku Vyana beynəlxalq filateliya sərgisinin (Wiener Internationale Postwertzeichen-Ausstellung — WIPA) ilk onluğuna daxil olub.
Sözügedən poçt blokunun üzərində xüsusi gümüşü örtüklə Azərbaycan Respublikasının xəritəsi əks olunub. Markanın perforasiya xətti isə Azərbaycan Demokratik Respublikasının dövlət sərhədlərini göstərir. Poçt blokunun üzərində “1918-2018. Azərbaycan Demokratik Respublikası 100 il” və “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Heydər Əliyev” sözləri yazılıb.
Bir markadan ibarət poçt blokunun ölçüsü 90x100 millimetrdir. “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış blok Fransanın Cartor Security Printing CSP mətbəəsində 5000 ədəd tirajla çap edilib.
Qeyd edək ki, WIPA beynəlmiləl filateliya sərgisi 1881-ci ildən qeyri-müntəzəm olaraq Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Burada dünyanın ən gözəl poçt markası seçilir. Builki müsabiqədə ilk yerin qalibi Ukraynanın “Ukrpoşta” şirkəti tərəfindən 3 iyul 2018-ci ildə buraxılmış “Ukraynanın həşəratlar aləmi” adlı holoqramlı poçt markaları olub. “ADR-100” adlı poçt bloku 50 ölkə arasında 10-cu yerə layiq görülüb.