Milli mətbuatımızın 145 illiyi münasibətilə poçt markası hazırlanıb
22 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən milli mətbuatımızın 145 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.
Marka üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə gedən əkinçi təsvir olunub. “Zəmi” üzərində böyük mааrifçi, nаşir Həsən bəy Zərdаbinin sitatından (“Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişsin ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa sən zəmanəyə saz olginən”. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməsi bizim ilə deyil. Həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər... ”) bir hissə yerləşdirilib.
Markanın əsas ideyası Azərbaycan milli mətbuatının toxumunun hələ 145 il əvvəl dahi Həsən bəy tərəfindən səpilməsini göstərməkdir.
“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış poçt markası 5008 ədəd tirajla Belarusun Bobruisk Integrated Printing House mətbəəsində çap olunub. Həmçinin, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.