Son xəbərlər

İordaniyada Ulu Öndərin 100 illiyinə həsr olunmuş poçt markalarının sərgisi açılıb

azermarka
azermarka 373

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və İordaniya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bu ölkədəki səfirliyimizin təşəbbüsü və “Azərpoçt” MMC-nin dəstəyi ilə “İordaniya Poçtu” Dövlət Şirkəti ilə əməkdaşlıq şəraitində bu şirkətin inzibati binasında Azərbaycan poçt markalarından ibarət sərgi açılıb.

“İordaniya Poçtu” Dövlət Şirkəti İdarə Heyətinin sədri, sabiq dövlət naziri Sami Davud, İordaniya Filatelistlər İttifaqının sədri Cəlil Tannus, dost ölkələrin diplomatik missiya rəhbərləri, yerli filatelist və jurnalistlərin iştirak etdikləri sərgi hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən səfir Eldar Səlimov Azərbaycan poçt markalarının əhatə etdiyi zəngin keçmişimiz barədə ətraflı danışıb, onların həsr olunduğu tarixin köklərinin Səfəvilər dövrünə qədər uzandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, ilk milli markanın 1919-cu ildə - müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövründə işıq üzü gördüyünü vurğulamışdır. Səfir, həmçinin həmin sahədə görülmüş işlərdən ətraflı bəhs edib.

Azərbaycan-İordaniya əlaqələrindən də danışan Azərbaycanın diplomatı ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin təməlinin 1994-cü ilin dekabrında Kasablankada keçirilən İslam Zirvə görüşü çərçivəsində Heydər Əliyev və Kral Əl-Hüseyn İbn Talal arasında tarixi görüşdə qoyulduğunu xatırladıb və hazırda bu əlaqələrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İordaniya Haşimilər Krallığının Kralı II Abdullah tərəfindən daha da inkişaf etdirildiyini xüsusi qeyd edib.

Poçt markaları sahəsində də ölkəmizin zəngin tarixə və ənənəyə malik olduğunu vurğulayan çıxışçılar bu sahədə ikitərəfli əməkdaşlığın qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıblar.

Çıxışlardan sonra “İordaniya Poçtu”nun Muzeyində sərginin rəsmi açılışını bildirən qırmızı lent kəsilib və qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Zəfər Gününə, “Dəmir yumruğ”a və azad olunmuş şəhərlərimizə aid poçt markaları, habelə Ulu Öndər Heydər Əliyev və Kral Əl-Hüseyn İbn Talalın, həmçinin hazırkı dövlət başçılarının görüşlərini əks etdirən şəkillər ilə tanış olublar.

Tədbir zamanı “Heydər Əliyev 100”, “Şuşa 270” markaları iştirakçıların böyük marağına səbəb olub və xatirə hədiyyəsi olaraq onlara təqdim edilib.