Son xəbərlər

Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xüsusi poçt markası çap olunub

azermarka
azermarka 433

26 dekabrda Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı ilə “Gürcüstan Poçtu” QSC tərəfindən çap olunan “Heydar Aliyev 100” markasının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Gürcüstandakı Səfirliyində keçirilən tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, “Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova, Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili və nazirliyin digər rəsmi şəxsləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən səfir Faiq Quliyev Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində və inkişafında Ulu Öndər Heydər Əliyevin rolu barədə məlumat verib, dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yeni müstəvidə inkişaf etdiyini qeyd edib.

Səfir “Heydər Əliyev İli” çərçivəsində Gürcüstanda keçirilən silsilə tədbirlərin təşkilində və keçirilməsində hər zaman dəstək olan Gürcüstan hökumətinə təşəkkürünü bildirib.

Səfir vurğulayıb ki, Ulu Öndərin yubileyinə həsr olunmuş “Heydar Aliyev 100” poçt markasının xüsusi tirajla çap olunması Gürcüstan dövləti və xalqının dahi şəxsiyyət Heydər Əliyevə diqqətinin və ehtiramının bariz nümunəsidir.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev gürcü xalqının yaxın dostu olub. Belə ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevi gürcü xalqı daim dərin ehtiramla yad edir. Məhz Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkələrimiz arasında əlaqələr yeni müstəvidə inkişaf edərək daha da möhkəmlənib.

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində “Azərpoçt” MMC-nin qarşısında da böyük vəzifələr dayanıb. “Heydər Əliyev İli” çərçivəsində bir sıra ölkələrdə müxtəlif tədbirlər keçirilib, poçt markaları çap olunub. Bu markaların buraxılması təkcə bizim üçün deyil, Ulu Öndəri tanıyan, sevən ölkələr və xalqlar üçün də mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirlər bizim xalqlarımız arasındakı münasibətləri daha da möhkəmləndirir və genişləndirir.

Sonra Faiq Quliyev, Quram Quramişvili və İsi Mustafayev “Heydar Aliyev 100” markasının çapı ilə əlaqədar Gürcüstan Poçtunun ilkin zərflərini imzalayıblar.