Son xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

azermarka
azermarka 149

“Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş markalar müxtəlif kateqoriya üzrə hazırlanıb və iki dövlətdə çap olunub. Bu markalar arasında 1 markadan ibarət blok məhdud sayda, cəmi 2000 tirajla, hər biri isə özəl nömrələnmiş Almaniyanın Berlin şəhərində yerləşən “Bundesdruckerei” nəşriyyat evində çap olunub.

Markanın tərtibatına xüsusi diqqət yetirilib. Belə ki, poçt blokunun üzərində Heydər Əliyevin fotosu və onun dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sitatı qızılı folqa ilə basma üsulu ilə çap olunub.  Markanın nominal dəyəri 10 manat təyin olunub. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq üzərində “QR-kod” yerləşdirilib, 300000 tirajla 0,50 qəpik nominalı olan poçt markası Almaniyada çap olunub və dövriyyəyə buraxılıb.  Ulu Öndər haqqında məlumatın əcnəbilər arasında geniş yayılması məqsədilə “QR-kod”a H.Əliyev haqqında https://president.az/ saytında ingilis dilində yerləşdirilmiş məlumata keçid verilib.

Çap olunan digər markalar blok və kiçik vərəq şəklində hazırlanıb. Dizayn baxımından müasir üslubda tərtib olunan poçt markalarının üzərində Ümummilli Liderin müxtəlif dövrlərdə çəkilmiş fotolarından istifadə olunub.

Bu gün dünyada filateliyaya marağın yenidən artdığı bir vaxtda Azərbaycanın yeni markaları həm kolleksiyaçılar üçün böyük töhfə olacaq, həm də məktubların üzərinə vurularaq dünyaya yayılması ölkəmizi beynəlxalq səviyyədə təbliğ edəcək. Məhz bu səbəbdən “Azərpoçt” MMC tərəfindən “Heydər Əliyev 100 il” loqolu, 6 müxtəlif nominalda, ümumi 4 581 000 tirajla standart poçt markaları və bundan əlavə markalı zərflər hazırlanıb, daxili və xarici poçt göndərişlərində istifadə üçün dövriyyəyə buraxılıb. Standart poçt markaları isə Belarusun Bobruysk şəhərində “Integrated Printing House” mətbəəsində çap olunub.

Poçt markaları ilə yanaşı, Birinci gün zərfləri və xüsusi möhürlər hazırlanıb.

Layihə üzərində iki rəssam-dizayner – Nəriman Məmmədzadə və Orxan Qarayev çalışıb.