Son xəbərlər

Azərbaycan Filatelistlər İttifaqının 25 illiyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib.

azermarka
azermarka 253

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Azərbaycan Filatelistlər İttifaqının 25 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Bu münasibətlə “Azərpoçt” rəhbərliyi ilə Azərbaycan Filatelistlər İttifaqının üzvlərinin görüşü keçirilib. Tədbirdə “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev, Marka şöbəsinin müdiri Sitarə Hüseynova, “Azərbaycan Filatelistlər İttifaqı”nın sədri İntiqam Bağırlı, İttifaqın üzvləri və tanınmış filatelistlər iştirak edib.

Bildirilib ki, “Azərpoçt” rəhbərliyi ilə filatelistlərin mütəmadi görüşləri keçirilir. Bu sahədə olan yeniliklər haqqında müzakirələr aparılır və təkliflər dinlənilir. Hər iki qurum arasında sıx əməkdaşlıq mütəmadi olaraq davam etdirilir.

Daha sonra poçt markalarının möhürlənmə mərasimi keçirilib. Markaları “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev və “Azərbaycan Filatelistlər İttifaqı”nın sədri İntiqam Bağırlı möhürləyib.

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarusun Bobruysk şəhərində 4000 ədəd tirajla çap edilib.

Xatıraldaq ki, Azərbaycanda filateliyanın tarixi Sovet İttifaqı dövründən başlayır. Azərbaycanda müstəqillik elan edildikdən sonra filatelistlər klub kimi fəalliyyət göstərib. Daha sonra 29 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1076  qərarı ilə klub "Azərbaycan Filatelistlər İttifaqı" kimi dövlət qeydiyyatına alınıb. 2023-cü ildə İttifaq Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçərək "İctimai Birlik" statusu alıb. Bu gün İttifaq öz sıralarında 200-dən çox üzvü birləşdirir.